21.02.2024

Paytaxt məktəblərində tələbələr pedaqoji təcrübə keçirlər

Paytaxtdakı ümumi təhsil müəssisələrində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri pedaqoji təcrübə keçirlər.

Pedaqoji təcrübənin keçirilməsinin əsas məqsədi gələcək müəllimlərə ali təhsil müəssisələrində aldıqları nəzəri bilikləri real tədris şəraitində tətbiq etmək, praktiki bacarıqlar qazanmaq, onların peşə qabiliyyətlərini yüksəltməkdən ibarətdir.

Təcrübə zamanı tələbələr təhsil aldığı ixtisasın istiqamətlərindən, xüsusiyyətlərindən asılı olaraq yeni texnologiyalarla, iş üsulları və təhsilin müasir tələbləri ilə tanış olur, qazandıqları bilikləri bacarıqlara çevirmək imkanı əldə edirlər.

Pedaqoji təcrübələr zamanı ümumi təhsil müəssisələrində tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə əlverişli şərait yaradılır, dərsin və şagirdlərlə fərdi işin təşkili baxımından müvafiq tapşırıq və tövsiyələr verilir.

Pedaqoji təcrübələrin yekununda tələbələrin açıq dərsləri izlənəcək və onlar əvvəlcədən müəyyənləşdirilmiş tədqiqat mövzuları üzrə təqdimat edəcəklər.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 12 ali və orta ixtisas təhsili müəssisəsinin tələbələri təcrübə keçirlər.