21.02.2024

Məktəblilər “Ədibin Evi”ndə ana dili mövzusunda müzakirə aparıblar

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə reallaşdırılan "Məktəblilər “Ədibin Evi”ndə" layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Paytaxtdakı 13 nömrəli tam orta məktəbin şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın yaşadığı tarixi ünvanda ədibin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatının müstəqillik səlnaməsinə töhfələri ilə tanış olub, Beynəlxalq Ana Dili Günü ilə bağlı müzakirələr aparıblar.

“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva Beynəlxalq Ana Dili Gününün tarixindən bəhs edib.

Ş.Mehrəliyeva respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu şagirdlərin diqqətinə çatdırıb. Qeyd edib ki, hazırda Ulu Öndərin bu uğurlu siyasətini davam etdirən Prezident İlham Əliyevin Ana dilimizin inkişafı istiqamətində apardığı uğurlu siyasəti dilimizə olan böyük qayğı və diqqətin təzahürüdür.

Daha sonra qonaq qismində çıxış edən ASAN Radionun “ANA dili”  rubrikasının aparıcısı Venera Vahabzadə Azərbaycan dilindən düzgün istifadə, yazıda və tələffüzdə yol verilən xətaların aradan qaldırılması, kütləvi informasiya vasitələrində daha çox istifadə olunan bəzi sözlər və  onların mənası, dilimizdəki qarşılığı barədə şagirdlərə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

 Qeyd edək ki, "Məktəblilər “Ədibin Evi”ndə" layihəsinin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir.