27.02.2024

Nəsimi və Binəqədi rayonları üzrə sertifikatlaşdırma ilə bağlı görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə daha iki rayon üzrə görüş keçirilib.

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Təlimə Dəstək Mərkəzinin psixoloqu Aysel Novruzova, Binəqədi və Nəsimi rayonları üzrə riyaziyyat, ingilis, rus, alman və fransız dili müəllimləri iştirak ediblər.

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsədin ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarət olduğunu bildirib. Sektor müdiri təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb.

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə ümumi təhsil müəssisələrində metodbirləşmə rəhbərləri tərəfindən də görüşlər keçirilir.