01.03.2024

Qarabağ Zəfəri bütün qələbələrdən daha qürurvericidir - Üçqat dünya çempionu İlham Zəkiyev

Cüdoçu, ikiqat Paralimpiya çempionu, üçqat dünya çempionu, səkkizqat Avropa çempionu İlham Zəkiyev “Məktəbdə...” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 65 nömrəli tam orta məktəbdə keçirilib. 

Qonaq hər zaman xatırladığı məktəb illəri, sevdiyi müəllimləri və sinif yoldaşlarından, yaddaşından silinməyən məktəb xatirələrindən danışıb, uşaq yaşlarından idmana olan həvəsindən və peşəkar idmana gəlməsinə təkan verən səbəblərdən söz açıb. Qazandığı uğurlardan, zirvələrə gedən yoldakı mübarizə əzmindən danışan İ.Zəkiyev bildirib ki, olimpiya çempionluğu idmançının karyerasında qazandığı ən yüksək zirvədir. Qonaq ölkə Prezidenti İlham Əliyev tərəfindən iki dəfə “Şöhrət” ordeni ilə təltif olunmasını isə bir idmançı kimi əməyinə verilən ən ali mükafat adlandırıb. Qarabağ müharibəsi qazisi İ.Zəkiyev Vətən Müharibəsində əldə olunan Zəfərin sevincinin beynəlxalq arenalarda qazandığı şəxsi zəfərlərindən daha qürurverici olduğunu söyləyib.

5 mart- Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində şagirdlərlə görüşən qonaq dövlətimizin idmana, idmançılara qayğısından, bu sahədə ölkədə yaradılan geniş infrastrukturdan söz açıb. Paralimpiyaçı idmanın uşaqların, yeniyetmələrin həyatına, sağlamlığına təsirləri barədə məlumat verib, növündən asılı olmayaraq onları idmanla məşğul olmağa çağırıb, şagirdləri düşündürən sualları cavablandırıb.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.