19.03.2024

“Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi keçirilir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi keçirilir.

Müsabiqənin şəhər mərhələsində Bakı şəhəri ümumi təhsil müəssisələrinin qeydiyyatdan keçmiş şagirdlərinin təqdimatı dinlənilir. Mart ayının sonunadək davam edəcək dinləmələrdə uğur qazanan  ən yaxşı təqdimat müəllifləri ölkə turunda iştirak hüququ qazanacaq.

Müsabiqədə qiymətləndirmə təqdimatçının mövzularla bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, şərh etdiyi məsələlərə müxtəlif mövqelərdən yanaşma və öz mövqeyini bildirməsi, mülahizələrini bildirərkən yaradıcılıq səviyyəsi, nitqinin səlisliyi və lüğət ehtiyatının zənginliyi, irəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırması və nəticələr çıxarması meyarlarına əsasən aparılır.

Qeyd edək ki, elm və təhsil nazirinin əmrinə əsasən, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.