01.04.2024

Ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün onlayn təlimlər

Bakı şəhəri üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) platformasında (https://emas.sosial.gov.az/) işin təşkilinin təkmilləşdirilməsi mövzusunda onlayn təlimlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində keçirilən təlimlərin əsas məqsədi ƏMAS platformasında əmək müqavilələrinin qanuvericiliyə uyğun bağlanması, elektron portalda müxtəlif əməliyyatların aparılması istiqamətindəki yeniliklərlə bağlı biliklərin artırılmasından ibarətdir.

Təlimlərdə ƏMAS barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, ƏMAS əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə  və bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. ƏMAS, həmçinin işçilərlə işəgötürənlər arasında elektron əmək müqavilələrinin bağlanılmasını, rəqəmsal kadr uçotu sisteminin yaradılmasını, əməyin hesablanmasını və ödənilməsini təmin edir.

Təlimlərin sonunda iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.