07.05.2024

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbirlər keçirilib. Belə ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar konfrans, forum, “Dəyirmi masa” və seminarlar, ağacəkmə aksiyaları, təmiz ətraf mühit barədə müsabiqə və ekodüşərgələr təşkil olunub.

Tədbirlərin  keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə imzaladığı Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarətdir.

Tədbirlərdə çıxış edənlər dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini şagirdlərin diqqətinə çatdırıblar.

Qeyd edilib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətin genişləndirilməsinə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin intensivləşməsinə töhfə verir.

Tədbirlərdə cari ildə ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)  keçiriləcəyi bildirilib. Belə tədbirin ölkəmizdə keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətindəki səmərəli fəaliyyətinin təqdir olunması kimi qiymətləndirildiyi vurğulanıb.