05.06.2024

Tədris digər dildə aparılan bölmə üzrə məktəb və müəllim seçimi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi 12 iyun 2024-cü il saat 11:00-da başlayacaq.

Belə ki, həmin tarixdən tədris digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil almayan və müsahibədə uğur qazanan uşaqlar üçün valideynlər tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi imkanı yaradılacaq. Tədris digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar isə sistem tərəfindən avtomatik olaraq I sinfə yerləşdiriləcək.

Qeyd edək ki, tədrisi digər dildə aparılan bölmə üzrə məktəblərə şagird qəbulu ilkin olaraq prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Prioritet üzrə (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) valideynlər ilk növbədə müəyyən edilmiş müddətdə (12 iyun-12 iyul 2024-cü il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər.

Müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dildə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.

Onu da qeyd edək ki, tədris digər dildə aparılan bölmə  üzrə I sinfə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə məktəb seçimi (prioritet üzrə və prioritetləri olmayan uşaqlar üçün isə müsabiqə yolu ilə qeydiyyat) 20 iyun 2024-cü il saat 18:00-da başa çatır. Müsabiqə yolu ilə qəbul aparılan ümumi təhsil müəssisələrinə prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçimi isə 08 iyul 2024-cü il tarixdə başlayacaq.