05.06.2024

Balaca fidanlardan maraqlı konsert proqramı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin təqdimatında  konsert proqramı keçirilib.

Konsert proqramında elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Elm və Təhsil Nazirliyinin şöbə müdirləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın direktor müavini Orxan Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, məktəb direktorları, müəllimlər, uşaqlar, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

Öncə qonaqlar uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova balaca fidanların konsert proqramında zövqlə və yüksək səviyyədə təqdim etdikləri ədəbi-bədii kompozisiyaların Azərbaycanın nə qədər yüksək potensiala malik uşaqlara, gənclərə sahib olduğunu bir daha göstərdiyini diqqətə çatdırıblar. Bildirib ki, Azərbaycanda uşaqlara olan diqqət və qayğı dövlət səviyyəsində həyata keçirilir. Bu baxımdan uşaqlar üçün yaradılmış təlim-tərbiyə və təhsil imkanları xüsusilə qeyd olunmalıdır.

Konsert proqramında balaca fidanlar “Vətənpərvərlik”, “Uşaqlar və təbiət”, “Sülhün uşaqları”, “Uşaqların arzuları”, “Azərbaycan, yurdum, yuvam məskənimsən!” mövzularında şeirlər söyləyib, maraqlı kompozisiyalar, rəqs və mahnılar nümayiş etdiriblər.