14.06.2024

“Məktəbdə..”nin qonaqları məzunları təbrik etdilər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsində daha öncə iştirak etmiş qonaqlar paytaxtdakı ümumi təhsil müəssisələrindəki “Son zəng” mərasimlərinə qatılıb, məzunları təbrik ediblər.  

Paytaxtdakı 46, 53, 118 nömrəli tam orta məktəblər və 2 nömrəli Texniki-Humanitar Liseydə keçirilən “Son zəng” mərasimdə məşhur oftalmoloq, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, şair Paşa Qəlbinur, Real Təhlil və İnformasiya Mərkəzinin direktoru, Əməkdar jurnalist Mirşahin Ağayev, “ASAN Radio”nun direktoru, jurnalist Emin Musavi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sevinc Orucova iştirak ediblər.  

Layihə çərçivəsində müxtəlif vaxtlarda paytaxtın ümumi təhsil müəssisələrində məktəblilərlə görüşən qonaqlar bu dəfə onların xahişi ilə məktəbə yollanıb, doğma məktəbləri ilə vidalaşan məzunlarla bir araya gələrək duyğularına şərik olub, müstəqil həyata atılan gənclərə tövsiyələrini veriblər. Şagirdlərlə səmimi söhbətlər edən qonaqlar onlara qarşıya qoyduqları məqsədə doğru inamla addımlamağı, məktəbdə əldə etdikləri bilikləri, təlim-tərbiyəni həyatın digər mərhələlərində uğurla tətbiq etməyi arzulayıblar.

Məktəbin kollektivi qonaqları yenidən öz aralarında görmək, dəyərli tövsiyə və məsləhətlərini dinləməkdən məmnun olduqlarını bildirib, məzunlar 11 illik məktəb həyatının son günündə yanlarında olduqları üçün təşəkkür edib, onlarla xatirə şəkilləri çəkdiriblər.

Xatırladaq ki, “Məktəbdə...” layihəsi çərçivəsində dərs ili ərzində ölkənin tanınmış ziyalıları və ictimai maraq doğuran şəxslərlə paytaxt məktəblilərinin görüşü təşkil olunub. Görüşlərdə məktəb və müəllimin insanların həyatında və formalaşmasında rolu, yeniyetmələrdə müstəqil qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılıb, qonaqlar düşüncələrini və təcrübələrini bölüşüb, məktəbliləri düşündürən suallara aydınlıq gətirilib.