16.09.2024

Paytaxt məktəblərində Bilik Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı tədbirlər keçirilib.

Tədbirlərdə elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın və BŞTİ-nin struktur bölmə rəhbərləri, rayon icra hakimiyyətlərinin başçı və nümayəndələri, ziyalılar, müəllim və valideynlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən müəssisə rəhbərləri yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar.

Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın, BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar. Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub. Tədbirdə iştirak edən qonaqlar, həmçinin ilk dərs prosesini də izləyiblər.

Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 513 698 şagird təhsil alacaq.