11.10.2024

Məktəblərin fəaliyyəti müzakirə olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) ümumi təhsil müəssisələrinin direktorlarından ibarət kuratorlarla görüş keçirilib.

Ümumi təhsil məktəblərində tədrisin təşkili vəziyyəti və cari məsələlərə həsr olunmuş görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov, Təlimə Dəstək Mərkəzinin Psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova və məktəb direktorları iştirak ediblər.

Görüşdə çıxış edənlər əhatə dairəsinə və spesifik cəhətlərinə görə fərqlənən paytaxt təhsilinin hər bir idarəedicidən böyük məsuliyyət tələb etdiyini söyləyiblər. Bildirilib ki, təhsildə aparılan islahatların ən önəmli istiqamətlərindən biri məhz idarəetmə ilə bağlıdır. İdarəetmədə çevik, effektiv mexanizmlərin qurulması, əlçatanlığın təmin olunması, vətəndaş məmnuniyyəti əsas məqsədlərdəndir.

Görüş zamanı təhsildə keyfiyyətin artırılması, tədris prosesinin idarəolunması, məktəbdaxili qaydalara nəzarətin gücləndirilməsi, şagird təhlükəsizliyi məsələlərinin tənzimlənməsi, şagird davranış qaydalarına riayət olunması, valideynlərlə iş və digər müvafiq məsələlərdən bəhs edilib, yeni yanaşmalar, müasir çağırışların tələblərindən irəli gələn zəruri amillər nəzərə çatdırılıb. 

Həmçinin məktəb direktorunun fəaliyyət istiqamətləri, keyfiyyətin idarə olunması mexanizmləri, elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, tədris planlarının təhlili, istedadlı şagirdlərlə iş, şagird nailiyyətlərinin qiymətləndirilməsi, dərsin daha səmərəli və effektiv təşkili üçün metodiki yanaşmalar,  təminat-təchizat, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəblərdə psixoloji xidmətin təşkili, payız-qış mövsümünə hazırlıq, dərslik təminatı, iaşə xidmətinin təşkilinə nəzarət və digər müvafiq mövzularda tövsiyələr verilib.

Daha sonra kurator məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.