“Gənc hüquq müdafiəçiləri” müsabiqəsi çərçivəsində təlimlərə start verilib.
Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Rəşad Abdulov tərəfindən keçirilən ilk təlimdə şagird və tələbələrə təməl hüquqi biliklərin formalaşdırılması istiqamətində ətraflı məlumat, onların müsabiqəyə hazırlığının təmin olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Həmçinin təlimdə müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Bundan əlavə, şagirdlər Azərbaycan Respublikası Ali Məhkəməsi ilə də yaxından tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, növbəti təlimlərin Ali Məhkəmənin hakimi və Vəkillər Kollegiyasının üzvləri tərəfindən keçirilməsi nəzərdə tutulur.
Təlimlərdən sonra müsabiqənin dörddəbir mərhələsində 8 komanda biliklərini nümayiş etdirəcək. Bu mərhələdə qalib olan 4 komanda müsabiqənin ikidəbir mərhələsində iştirak etmək hüququ qazanacaq. Bu komandalardan 2-si final mərhələsində iştirak etmək hüququ əldə edəcək. Finala vəsiqə qazanmış komandaların səhnələşdirilmiş məhkəmə prosesi izləniləcək, onların ittihamçı və müdafiəçi kimi çıxışları dinləniləcək. Komandaların çıxışları Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə 10 ballıq sistemlə həyata keçiriləcək.
Sonda qalib komandalar, həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən şagirdlər diplom və hədiyyələrlə təltif olunacaqlar.
BŞTİ-nin “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi və “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Bakı” İctimai Birliyi (“ELSA Azərbaycan”) ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqənin əsas məqsədi gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhvə verilməsindən ibarətdir.