30.04.2025

Uşaqların I sinfə elektron qeydiyyatı prosesinə start verilir

1 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə uşaqların elektron qeydiyyatı prosesi başlayır. Qeydiyyat prosesi 1 may-12 sentyabr tarixlərində www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Valideynlər Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimini 6 may-12 sentyabr tarixlərində apara bilərlər. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat 6-20 may, müsahibə prosesi 12-31 may, məktəb və müəllim seçimi isə 17 iyun - 12 sentyabr tarixlərində olacaq. 

Bakı, şəhəri üzrə prioritetli seçim mərhələsində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may-5 iyun, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 17 iyun-17 iyul tarixlərində aparılacaq.

Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə girişi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Digər sənəd növləri ilə qeydiyyat etmək istəyən valideynlər, yaxud qeydiyyat prosesində çətinlik yaşayan vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə və 5, 6, 7 saylı Bakı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.   

Qeyd edək ki, 30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq birinci sinfə yerləşdirilib.

Övladları avtomatik olaraq birinci sinfə yerləşdirilən valideynlər 1 may 2025-ci il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.