Təhsilini başa vura bilməyən şəxslər üçün ümumi orta və tam orta təhsil proqramı üzrə eksternat qaydasında aralıq imtahanların təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərin ümumi orta və tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında imtahan verərək müvafiq təhsil sənədi almalarını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq  

 

ƏMR EDİRƏM:

 

1. Ümumi orta və tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında aralıq imtahanları  26-27 dekabr 2019-cu il tarixlərində keçirilsin.

2. Eksternlərin ərizələrinin 27 noyabr 2019-cu il tarixdən 20 dekabr 2019-cu il tarixə kimi qəbulu təmin edilsin.

3. Ümumi orta və tam orta təhsil proqramı üzrə eksternat qaydasında aralıq imtahanların təşkili və keçirilməsi üçün Bakı şəhəri 258 nömrəli tam orta məktəb baza məktəbi olaraq müəyyən edilsin və məktəbin direktoru Sədaqət Hüseynova imtahanların təşkili üçün zəruri təşkilatı tədbirlərin yerinə yetirilməsini təmin etsin.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorlarına tapşırılsın ki, rəhbərlik etdikləri məktəblərdə ümumi orta və tam orta təhsil səviyyəsi üzrə əvvəlki illərdə oxuyub  təhsil sənədi ala bilməmiş və bununla bağlı müraciət etmiş şəxslərin müvafiq prosedur qaydaları ilə bağlı məlumatlandırılmalarını və onlara müvafiq sinfi bitirmələrinə dair arayış təqdim edilməsini təmin etsinlər.

5. İmtahanların keçirilməsi, sualların fənn proqramlarına uyğun şəkildə hazırlanması və obyektiv yoxlanılması məqsədilə komissiya yaradılsın və tərkibi təsdiq edilsin (əlavə 1).

6. Qiymətləndirmə şkalası təsdiq edilsin (əlavə 2).

7. Ümumi təhsil sektoru (F.Babayev) ümumi və tam orta təhsil proqramı üzrə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş eksternat qaydasında aralıq imtahanların keçirilməsindən irəli gələn zəruri tədbirlərin yerinə yetirilməsini təmin etsin.

8. Maliyyə sektoru (E.Mehdiyeva) bu əmrdən irəli gələn maliyyə məsələlərinin həll olunmasını təmin etsin.

9. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) bu əmrdən irəli gələn təchizat məsələlərinin həll olunmasını təmin etsin.

10. İnformasiya təminatı sektoru (N.Ağayev) imtahan nəticələrinin “Şagird-məzun” sisteminə daxil edilməsinə nəzarəti həyata keçirsin.

11. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin idarənin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

12. Ümumi sektor (S.Rəsulova) əmrin surətinin çoxaldılaraq aidiyyəti üzrə göndərilməsini təmin etsin.

13 . Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli 242 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 22.11.2019-cu il tarixli, 1-00-1285 nömrəli razılıq məktubu.

 

           

             

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

27  noyabr 2019-cu il

                                                                                        № F-458


 

2019-2020-ci tədris ili üçün ümumi təhsil proqramı üzrə eksternat qaydasında  keçiriləçək imtahanların qiymətləndirmə şkalası