Sual: Elektron sistem vasitəsilə I sinfə qəbul hansı rayon və şəhərləri əhatə edir?
Cavab: www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrini, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonlarını, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir.

Sual: I sinfə şagird qəbulu hansı müddətlərdə həyata keçirilir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı 13.03.2019-cu il tarixdən 15.09.2019-cu il tarixədək həyata keçirilir.

Sual: Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində I sinfə elektron sənəd qəbulu necə həyata keçirilir?
Cavab: I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.

Sual: 2019-2020-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbulu necə həyata keçirilir?
Cavab: 2019-2020-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların Azərbaycan bölməsi üzrə I sinfinə şagird qəbulu ümumi qaydada həyata keçirilir (Tədrisi xüsusi proqramla aparılan Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbləri istisna olmaqla).

Sual: Elektron sistem hansı zərurətdən tətbiq edilir?
Cavab: I sinfə elektron sənəd qəbulunun tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. I sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir.

Sual: Uşaqların I sinfə qəbulunun qanunvericilik əsasları hansılardır?
Cavab: Uşaqların I sinfə qəbulu “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na və digər müvafiq hüquqi-normativ aktlara əsasən həyata keçirilir.

Sual: I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi valideynlərə hansı imkanları verir?
Cavab: I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Sual: Məktəb seçimi hansı qaydada aparılır?
Cavab: Valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir.

Sual: Elektron ərizənin qeydiyyatı kim tərəfindən aparıla bilər?
Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Alternativ qeydiyyat mərkəzlərində aparıla bilər.

Sual: Alternativ qeydiyyat mərkəzləri harada fəaliyyət göstərir?
Cavab: I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə ərizə qəbulu üzrə müəyyənləşdirilmiş məktəblərdə Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərir. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Yevlax və Samux rayonları üzrə I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 82 məktəbdə Alternativ qeydiyyat mərkəzi yaradılıb:
Bakı şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri:
Səbail rayonu üzrə 7 nömrəli tam orta məktəb, 163 nömrəli tam orta məktəb,  236 nömrəli tam orta məktəb, Nizami rayonu üzrə 129 nömrəli tam orta məktəb, 145 nömrəli tam orta məktəb 214 nömrəli tam orta məktəb, 272 nömrəli tam orta məktəb, Nəsimi rayonu üzrə 19 nömrəli tam orta məktəb, 44 nömrəli tam orta məktəb, 247 nömrəli tam orta məktəb, Yasamal rayonu üzrə 18 nömrəli tam orta məktəb, 21 nömrəli tam orta məktəb, 60 nömrəli tam orta məktəb, Nərimanov rayonu üzrə 57 nömrəli tam orta məktəb, 82 nömrəli tam orta məktəb, 177 nömrəli tam orta məktəb, Xətai rayonu üzrə 17 nömrəli tam orta məktəb, 24 nömrəli tam orta məktəb, 116 nömrəli tam orta məktəb, 165 nömrəli tam orta məktəb, 191 nömrəli tam orta məktəb, Sabunçu rayonu üzrə 69 nömrəli tam orta məktəb, 74 nömrəli tam orta məktəb, 75 nömrəli tam orta məktəb, 78 nömrəli tam orta məktəb, 128 nömrəli tam orta məktəb, 130 nömrəli tam orta məktəb, 170 nömrəli tam orta məktəb, Suraxanı rayonu üzrə 84 nömrəli tam orta məktəb, 76 nömrəli tam orta məktəb, 279 nömrəli tam orta məktəb, 315 nömrəli tam orta məktəb, 285 nömrəli tam orta məktəb, Qaradağ rayonu üzrə 110 nömrəli tam orta məktəb, 180 nömrəli tam orta məktəb, 195 nömrəli tam orta məktəb, 328 nömrəli tam orta məktəb, 274 nömrəli tam orta məktəb, 288 nömrəli tam orta məktəb, Xəzər rayonu üzrə 136 nömrəli tam orta məktəb, 156 nömrəli tam orta məktəb, 181 nömrəli tam orta məktəb, 234 nömrəli tam orta məktəb, 120 nömrəli tam orta məktəb, Pirallahı rayonu üzrə 235 nömrəli tam orta məktəb, Binəqədi rayonu üzrə 83 nömrəli məktəb-lisey, 102 nömrəli tam orta məktəb, 182 nömrəli tam orta məktəb, 297 nömrəli tam orta məktəb, 313 nömrəli tam orta məktəb,
Gəncə şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri: 10 nömrəli tam orta məktəb, 16 nömrəli tam orta məktəb, 25 nömrəli tam orta məktəb, 26 nömrəli tam orta məktəb, 41 nömrəli tam orta məktəb,
Sumqayıt şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri: 6 nömrəli tam orta məktəb, 16 nömrəli tam orta məktəb, 23 nömrəli tam orta məktəb, 34 nömrəli tam orta məktəb,
Abşeron rayonu üzrə Alternativ qeydiyyat mərkəzləri: Xırdalan şəhəri 4 nömrəli tam orta məktəb, Xırdalan şəhəri 6 nömrəli tam orta məktəb, Masazır kənd 3 nömrəli tam orta məktəb, Mehdiabad kənd 3 nömrəli tam orta məktəb, Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəb, Saray qəsəbə 3 nömrəli tam orta məktəb
Samux rayonu üzrə Alternativ qeydiyyat mərkəzləri: Samux şəhər 1 nömrəli məktəb-lisey, Qarayeri qəsəbə 1 nömrəli məktəb-lisey, İnstitut qəsəbə tam orta məktəb, Sərkar kənd tam orta məktəb , Lüksenburq kənd tam orta məktəb, Qovlarsarı kənd tam orta məktəb, Poylu kənd tam orta məktəb. Əhmədbəyli kənd tam orta məktəb
Yevlax rayonu üzrə Alternativ qeydiyyat mərkəzləri: Şəhər 1 nömrəli tam orta məktəb, Şəhər 2 nömrəli tam orta məktəb 
Mingəçevir şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri: Şəhər 1 nömrəli tam orta məktəb, Şəhər 4 nömrəli tam orta məktəb, Texniki-Humanitar lisey
Naftalan şəhəri üzrə Alternativ qeydiyyat mərkəzi: İ.Nəsimi adına 1 nömrəli tam orta məktəb
Şirvan şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri: Şirvan Şəhər Təhsil Şöbəsi, S.Hüseynov adına 1 nömrəli məktəb-lisey, E.İmanov adına 10 nömrəli tam orta məktəb, T.Bağırov adına 11 nömrəli tam orta məktəb, M.Osmanov adına 20 nömrəli tam orta məktəb

Sual: Elektron sistemdən istifadə ödənişlidirmi?
Cavab: Xeyr, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur.

Sual: Elektron sistemdə qeydiyyat zamanı istifadəçi hansı əlaqə vasitələrindən istifadə edə bilər?
Cavab: Mobil telefon və ya elektron poçt ünvanı.

Sual: Elektron qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?
Cavab: Xeyr. Valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

Sual: I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu, ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?
Cavab: Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbul üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:
• valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayanlar;
• valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyənlər;
• bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac varmı?
Cavab: Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?
Cavab: Şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir.

Sual: Valideyn məktəbəhazırlıq qrupunda təhsil alan övladı üçün I sinfə qəbul prosesində məktəbin digər müəllimlərindən birini seçə bilərmi?
Cavab: Valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.

Sual: Digər dildə tədris aparılan bölmə üzrə I sinfə şagird qəbulu necə həyata keçirilir?
Cavab: 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın şifahi nitq bacarıqları qiymətləndiriləcək.

Sual: Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hara müraciət etməlidir?
Cavab: Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq Müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydiyyata düşür. Müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır.

Sual: Digər dildə tədris aparılan bölmə üzrə I sinfə şagird qəbulu zamanı müsahibə yalnız elektron şagird qəbulu aparılan rayon və şəhərlərdə təşkil ediləcək?
Cavab: Xeyr, digər dildə tədris aparılan bölmə üzrə müsahibə bütün rayon və şəhərləri əhatə edəcək.

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqda məlumat valideynə nə zaman və necə bildiririləcək?
Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqda məlumat 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

Sual: Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qeydiyyat necə aparılır?
Cavab: Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, “Ərazi üzrə” bölməsini seçib, müvafiq liseyə yerləşdirdiyi sorğusu təsdiqləndikdən sonra, uşaq həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsindən uğurla keçərsə, həmin liseyə qəbul edilmiş hesab edilir. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “müsabiqə yolu ilə qəbul” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər.

Sual: Müsahibə zamanı uşaqlara hansı istiqamətdə suallar verilir?
Cavab: Digər dildə tədris aparılan bölmə üzrə uşaqların məktəbəhazırlıq qruplarına və I siniflərə qəbulu onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş Müsahibə komissiyaları tərəfindən yoxlanılır.

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibədə iştirak zamanı hansı sənədlər tələb olunur?
Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibəyə gələrkən valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənəd gətirilməsi tələb edilir.

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi ilə qane olmadıqda hara müraciət etmək olar?
Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hər həftənin 3-cü və 5-ci günləri Rayon (Şəhər) Təhsil Şöbələrində (İdarələrində) təşkil edilmiş İşçi qruplarına müraciət edə bilər.

Sual: Valideynlərin (qanuni nümayəndələrin) qeydiyyat ünvanı lisey və gimnaziyalar üzrə müəyyən edilmiş əraziyə uyğundursa, digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi nəticəsində uğur qazanmayan uşaqlar həmin məktəbin Azərbaycan bölməsinə qəbul edilə bilərmi?
Cavab: Bəli, uşaq digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.

Sual: Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandığı halda, növbəti addımlar hansılardır?
Cavab: Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb seçimi edə bilər.

Sual: Hansı halda digər dildə tədris aparılan bölmə üzrə qəbul müsahibədənkənar mümkündür?
Cavab: Əgər uşaq ümumtəhsil məktəblərində digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alırsa, ona sistemdə məktəbin kateqoriyasından asılı olaraq sorğu yerləşdirmək hüququ verilir.

Sual: Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupunda təhsil alan uşaqların müsabiqədənkənar digər dildə tədris aparılan bölmə üzrə məktəb seçimi hüququ varmı?
Cavab: Övladı Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupunda təhsil alan valideyn (və ya qanuni nümayəndə) elektron sistemdəki qeydiyyatını ləğv edərək digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirmək istəyərsə, əvvəlcə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir.

Sual: Digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qrupunda təhsil alan uşaqların sorğusunu ləğv edib, başqa məktəb seçmək hüququ varmı?
Cavab: Bəli. Bunun üçün sistemə əvvəl yerləşdirilmiş sorğu ləğv olunmalı, sonra kateqoriyasından asılı olaraq yeni məktəb seçilməlidir. Məktəbəhazırlıq qrupunda təhsil alan uşağın müsahibə mərhələsində iştirak etməsinə ehtiyac yoxdur.