13.04.2015

Moldovalı qonaqlar 228 nömrəli tam orta məktəbin qonaqları olublar

Azərbaycanda səfərdə olan Moldovanın ombudsmanı Aureliya Qriqoriu və Moldova İctimai Palatasının sədri Dmitriy Qriqoriu Bakının Sahil qəsəbəsindəki 228 nömrəli tam orta məktəbin qonağı olub.
Məktəblə tanış olduqdan sonra moldovalı qonaqlar məktəbin pedaqoji kollektivi və şagirdlərlə görüşüb.
Görüşdə məktəbin direktoru Azər Ələkbərov Azərbaycanda həyata keçirilən işlər, ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğı barədə danışıb.
Moldova ombudsmanının Azərbaycanın haqq işini müdafiə etməsini xatırladan görüş iştirakçıları, həmçinin təcavüzkar Ermənistanın işğalçılıq siyasəti barədə məlumatların dünyaya yayılmasında onun göstərdiyi dəstəyi yüksək qiymətləndiriblər.
Aureliya Qriqoriu işğal olunmuş Azərbaycan ərazilərində soyqırım törədən Ermənistanın və erməni havadarlarının tezliklə ədalət mühakiməsi qarşısında cavab verəcəklərinə inamını ifadə edib. Erməni terrorçularının vəhşiliklərindən danışan moldovalı qonaq bəyan edib ki, ermənilərin törətdikləri cinayətlərə, xüsusilə Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir.
Moldova ombudsmanı müəllim və şagirdlərin suallarını cavablandırıb.
Təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə Aureliya Qriqoriu “Məktəbin fəxri müəllimi” adına layiq görülüb.
Daha sonra tədbir mədəni proqramla davam etdirilib. Azərbaycan və Moldova milli mahnıları ifa edilib və rəqs nömrələri nümayiş olunub.