22.04.2015

123 nömrəli məktəbin nümayəndələri Çanaqqala ziyarətinə yollanıb

Məlum oduğu kimi, Birinci dünya müharibəsi dövründə Çanaqqala döyüşündə Türk ordusunun qəhrəmancasına qələbə qazanmasının 100 illiyi bir sıra tədbirlərlə qeyd olunur.

Bu münasibətlə Türkiyədə keçiriləcək tədbirlərdə Azərbaycandan daha çox insanın iştirakını təmin emək məqsədilə, Türkiyə Respublikası Baş Nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən “Çanaqqala ziyarəti proqram”ı tərtib edilib. Adı çəkilən proqram çərçivəsində, 20-27 aprel 2015-ci il tarixləri arasında Azərbaycandan bir qrup şagird və müəllimin, 23-25 aprel 2015-ci il tarixlərində isə Azərbaycan Respublikası Milli Məclisinin deputatları və KİV nümayəndələrinin Çanaqqala vilayətini ziyarət etmələri nəzərdə tutulub.

 “Çanaqqala ziyarəti proqram”ına uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Xəzər rayonu H.Z.Tağıyev adına 123 nömrəli tam məktəbin direktoru Səba Həsənova başda olmaqla, 8 nəfərdən ibarət müəllim-şagird kollektivi də bu tədbirlərə qoşulub.

Qeyd edək ki, tədbirə qoşulan şagirdlər məktəbin təhsil və xüsusi istedad baxımından fərqlənən ən fəal şagirdləridir.

Yola düşməzdən öncə müəllim-şagird kollektivi məktəbin həyətində yerləşən iki türk şəhidinin məzarını ziyarət edərək məzarların önünə gül dəstələri düzüblər. Ziyarət Şəhidlər Xiyabanında davam etdirilib.

Ziyarətçilərimizə uğurlar arzulayırıq.