18.09.2015

Azərbaycan Respublikası təhsil nazirinin müavini, BŞTİ-nin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramovun Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında hesabat məruzəsi (Bakı şəhəri, 14 sentyabr 2015-ci il)

 

Hörmətli cənab Nazir!

Hörmətli konfrans iştirakçıları!

Xanımlar və cənablar!

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi və şəhərimizin bütün təhsil işçiləri adından Sizi ürəkdən salamlayır, hörmət və ehtiramımı bildirir, ən xoş arzularımı yetirirəm.

Biz bu gün Azərbaycan təhsili tarixində mütərəqqi ənənələri ilə seçilən Bakı şəhər müəllimlərinin, təhsil işçilərinin ənənəvi sentyabr konfransında dünənimizdən bugünümüzə, bugünümüzdən sabahımıza mənəvi körpü missiyasını yerinə yetirən təhsil sistemində aparılan islahatların paytaxtımızın timsalında hazırkı durumunu dəyərləndirəcək, bu sahədə mövcud problemləri təhlil edəcək, şəhərimizin təhsil işçiləri qarşısında duran vəzifələri birlikdə müzakirə edəcəyik. Sevindirici haldır ki, Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı dövlət başçısı cənab İlham Əliyevin müasir inkişaf meyillərinin təmin edilməsinə yönəlmiş siyasəti nəticəsində müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan artdığı, sosial, iqtisadi və mədəni həyatımızda böyük uğurların qazanıldığı, Azərbaycanın İnkişaf Konsepsiyasına uyğun olaraq bütün sahələrdə islahatların geniş vüsət aldığı tarixi bir dövrə təsadüf edir.

Hesabat ili bir sıra yaddaqalan hadisələrlə əlamətdardır: Bu ilin əvvəlində Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına cavab verən milli təhsilimizin gələcək inkişafının “yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın (DS) icra mexanizmini nəzərdə tutan Fəaliyyət Planı dövlət başçısı tərəfindən təsdiqləndi ki, bu, müasir təhsil sisteminin qurulması sahəsində tarixi mərhələyə keçid kimi yüksək dəyərləndirilməlidir.

Hörmətli konfrans iştirakçıları!

BŞTİ-nin fəaliyyətinin əhatə dairəsi ilə bağlı bəzi statistik məlumatlarla Sizi tanış etmək istərdim.

Hazırda BŞTİ-nin tabeliyində 307 tam orta, 3 ümumi orta olmaqla 310 gündüz ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 27.338 nəfər müəllim 334.236 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Həmin ümumtəhsil məktəblərindən 7-si lisey, 18-i məktəb-lisey, 1-i gimnaziya kimi fəaliyyət göstərir. Gündüz ümumtəhsil müəssisələri ilə yanaşı, BŞTİ-nin tabeliyində 7 axşam (qiyabi) məktəbi və sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 xüsusi təhsil müəssisəsi də vardır. Axşam (qiyabi) məktəblərdə təhsil alan 2541 şagirdin təhsili ilə 74 müəllim, xüsusi təhsil müəssisələrində oxuyan 2935 şagirdin təlim-tərbiyəsi ilə 672 nəfər müəllim məşğul olur.

BŞTİ-nin tabeliyində olan 46 məktəbdənkənar təhsil müəssisəsində 34.776 şagirdin müxtəlif istiqamətli məşğələləri ilə 1264 nəfər pedaqoji işçi məşğuldur.

Hesabat ilində BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərinin IX sinifləri üzrə 26.731 nəfər, XI siniflərindən isə 19.793 nəfər məzun olmuşdur.

Təhlil göstərir ki, BŞTİ fəaliyyət istiqamətləri və əhatəliliyi baxımından Azərbaycan təhsil sisteminin ən böyük təhsili idarəetmə qurumlarından biridir.

Hörmətli konfrans iştirakçıları!

Yeri gəlmişkən, BŞTİ-nin fəaliyyəti ilə bağlı bir konseptual yanaşmaya da diqqətinizi yönəltmək istərdim. Bildiyiniz kimi, dövlət başçısı tərəfindən təsdiq olumuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”-nın (DS) qəbulundan sonra başlanan islahatlara pilot layihə kimi ilk növbədə Bakı məktəblərində start verilməsi Bakı şəhərinin ölkənin elm və mədəniyyət, intellektual və beyin mərkəzi olması, həmçinin burada ölkə üzrə təhsil alan ümumtəhsil müəssisələrinin şagirdlərinin təxminən üçdə birinin cəmlənməsi ilə bağlıdır.

Deyilən amillər nəzərə alınmaqla Nazirliyin rəhbərliyinin təşəbbüsü ilə ümumtəhsil sahəsində bir çox layihələrə ilk olaraq Bakıda start verilməsi, sınaqdan keçən layihələrin əhatə dairəsinin tədricən ölkə miqyasında genişləndirilərək tətbiq olunması qərara alınmışdır.

Hesab edirəm ki, bu baxımdan təhsilin inkişafı üzrə DS-da ümumi təhsillə bağlı müəyyənləşdirilən strateji istiqamət və hədəflərə çatmaqda BŞTİ-nin, Bakı şəhəri təhsil işçilərinin üzərinə daha böyük missiya, daha məsuliyyətli vəzifələr düşür.

Hörmətli konfrans iştirakçıları!

İcazənizlə, hesabat ilində DS-da müəyyənləşdirilən hədəflərə uyğun olaraq ümumi təhsil sahəsində həyata keçirilən islahatlarla bağlı BŞTİ-də görülən işlərlə Sizləri də tanış etmək istərdim.

DS-na uyğun olaraq ölkədə, o cümlədən Bakıda təhsilin keyfiyyətinin yüksəldilməsi prioritet elan edilmişdir. Hesabat ilində BŞTİ-nin fəaliyyətinin əsas məqsədi təhsildə keyfiyyət göstəricilərinin yüksəldilməsinə nail olmaqdan ibarət olub. Bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər nəticəsində ümumi təhsilin buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahan göstəricilərində əhəmiyyətli artıma nail olunmuşdur.

2014/2015-ci tədris ilində IX sinfin buraxılış imtahanlarında Bakı şəhərində fəaliyyət göstərən məktəblərin şagirdlərinin 86%-i ana dili, 85,44%-i riyaziyyat və 79%-i isə hər iki fəndən müsbət qiymət almışdır. Bu ölkə üzrə orta göstəricidən (64%) əsaslı şəkildə fərqlənən bir rəqəmdir. Ümumilikdə, son 2 ildə IX sinifdə hər iki fənn üzrə müvəffəq qiymət alan məzunların xüsusi çəkisində müşahidə edilən 3% artım təhsilin keyfiyyətinin yüksəlmə dinamikasının göstəricisidir. Son 3 ildə bütün ölkə üzrə keyfiyyətin artmasında Bakı şəhəri məzunlarının nəticələrinin əhəmiyyətli dərəcədə müsbət təsiri olmuşdur.

XI sinif buraxılış imtahanlarının nəticələrinə görə, 92% məzun ana dili, 93% məzun riyaziyyat və 94% məzun isə ingilis dilindən müvəffəq qiymət almışdır. Ümumilikdə, hər bir imtahan fənni üzrə 90%-dən artıq məzunun müvəffəq qiymət alması müsbət qiymətləndirilməlidir.

Sevindirici haldır ki, cari tədris ilində ali məktəbə qəbul imtahanlarında bu ilki məzunlardan 15 nəfəri maksimum 700 bal toplamışlar. Həmin abituriyentlərdən 7 nəfəri Bakı şəhərindəki təhsil müəssisələrinin məzunlarıdır ki, onlardan 2-si BŞTİ-nin tabeliyindəki məktəbləri təmsil edir.

Ümumi təhsildə keyfiyyətdən danışarkən bir məsələyə də toxunmağı vacib hesab edirik. Bildiyiniz kimi, 2014/2015-ci tədris ilində ümumtəhsil məktəblərinin 131 məzunu qızıl, 21 məzunu isə gümüş medala layiq görülüb ki, onlardan 69 nəfəri Bakı şəhəri, 83-ü isə bölgə məktəblərini təmsil edir. Həmçinin, 1040nəfər IX sinif məzunu isə fərqlənmə şəhadətnaməsinə layiq görülmüşdür.

Bildiyiniz kimi, təhsildə keyfiyyətin yüksəldilməsi təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Bununla yanaşı, qazanılan milli mənəvi dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onun biliyi və mənəviyyatı sayəsində əsl vətəndaşa, ləyaqətli şəxsiyyətə çevirir.Bu baxımdan BŞTİ-də gerçəkləşdirilənDahi şəxsiyyət barədə dərslər” layihəsinin təhsilalanların milli mənəvi və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasında müstəsna rolu vardır.Həmin layihə üzrə2014-2015-ci tədris ilinin noyabr-may ayları ərzində Ümummilli lider Heydər Əliyevin irsinin gənc nəslə öyrədilməsi məqsədi ilə lektoriyalar təşkil edilmişdir.Dərslərin təşkilində əsas məqsəd ulu öndər Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolu və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasından ibarətdir. Mühazirə-dərslərdə Bakıda fəaliyyət göstərən 470 ümumtəhsil məktəbinin 22453 XI sinif şagirdi iştirak etmişdir. Dərslər Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 25 mərkəzdə (Heydər Əliyev Mərkəzi, 4 ümumtəhsil məktəbi, 8 universitet, 12 YAP lektoriya zallarında) keçirilmişdir. Dərslərin tədrisi zamanı ümumtəhsil məktəblərinin 175 müəllimi və BŞTİ-nin 2 əməkdaşı Ulu öndərin həyat və fəaliyyətini müxtəlif dövrlərini əhatə edən 12 mövzuda mühazirə oxumuşlar.

Bununla yanaşı, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə TN tərəfindən ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında respublika inşa yazı müsabiqəsi də keçirilmişdir. Müsabiqədə 262 nəfər iştirak etmiş, onlardan 15-i müsabiqənin Respublika turuna vəsiqə qazanmışdır. Müsabiqənin yekun mərhələsində Bakı məktəblilərinin 1-i I, 4-ü II, 4-ü III yerə və 3-ü IV-həvəsləndirici yerə layiq görülmüşdür.

Növbəti dərs ilində bu dərslərin daha səmərəli və məzmunlu keçirilməsi məqsədilə müvafiq tədbirlər nəzərdə tutulmuşdur.

Hörmətli konfrans iştirakçıları!

Ümumi təhsildə keyfiyyətə birbaşa təsir edən amillərdən biri təhsil üzrə DS-da da təsbit olunan tam orta təhsil səviyyəsində tədrisin təmayülləşməsidir. Bu məqsədlə Nazirliyin 08.06.2015-ci il tarixli əmri ilə Bakı şəhərinin 8 məktəbində sınaq layihə kimi tətbiq olunan tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi qərara alınmış, cari tədris ilindən həmin layihəyə ölkənin müxtəlif bölgələri də daxil olmaqla 50 pilot məktəbi də qoşulmuş, onların tədris planları təsdiq edilmişdir. Pilot məktəblərin 4 istiqamət (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri) üzrə təmayülləşməsi nəzərdə tutulmuşdur. Bu təhsil müəssisələrindən Bakı şəhərini təmsil edən 37 məktəbdən 4-ü Nazirliyin, 33-ü BŞTİ-nin tabeliyindədir. 13 təhsil müəssisəsi digər şəhərləri (Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri) əhatə edir.

İstedadlı gənclərlə iş BŞTİ-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir.Onları aşkar etmək, potensiallarını inkişaf etdirmək, bu istiqamətdə məqsədyönlü işlərin aparılması BŞTİ-nin hər zaman diqqət mərkəzində olmuşdur. Hesabat ilində 8 fənn üzrə keçirilən respublika fənn olimpiadasının son turunda Bakı şəhəri üzrə 197 məktəblidən 22-si qızıl, 35-i gümüş, 59-u bürünc medala layiq görülüb. Ümumilikdə, qazanılmış 116 medalın 48-i BŞTİ-nin tabeliyində olan məktəblərin payına düşür.

Bakı və Sumqayıt şəhərlərinin ən yaxşı ümumtəhsil məktəbinin VII-IX sinif şagirdləri arasında fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə 600-dən çox məktəblinin qoşulduğu bilik yarışında şəhərimizin təmsilçiləri həm komanda, həm də fərdi hesabda fərqlənmiş, I, II, III yerlərə layiq görülmüş və mükafatlandırılmışlar.

Yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanması məqsədi ilə cari ilin fevralında “Sabahın alimləri” IV Respublika müsabiqəsi keçirilmişdir. Bu müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. “Sabahın alimləri” IV Respublika Müsabiqəsinin yekunları haqqında” AR Təhsil nazirinin 27.02.2015-ci il tarixli əmri ilə Bakı şəhər məktəblərinin şagirdlərindən 3-ü I, 8-i II, 2-si III yerə layiq görülmüşdür.

Hörmətli konfrans iştirakçıları!

Hesabat ilində BŞTİ-nin həyata keçirdiyi tədbirlər içərisində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi, dərs yükünün optimallaşdırılması və əməkhaqqı sistemində islahatın aparılması müstəsna yer tutur.

Bildiyiniz kimi, təhsil üzrə DS- na uyğun olaraq Təhsil nazirinin 6 may 2014-cü il tarixli əmrinə əsasən 2014-cü ilin iyun və sentyabr aylarında BŞTİ tərəfindən Bakı şəhərinin dövlət ümumtəhsil müəssisələrində və xüsusi məktəblərdə işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin dəyərləndirilməsi və əlavə təlim ehtiyaclarıının müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirilməsi keçirilmişdir. Bu prosesdə 27.514 nəfər müəllim iştirak etmişdir.         Dövlət strategiyasına uyğun olaraq Bakı şəhərində keçirilən müəllimlərin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsinin nəticəsi kimi müəllim əməyinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncam imzalanmışdır. Sərəncamda diaqnostik qiymətləndirmədən keçən 27514 müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılmışdır. Nəticədə BŞTİ-nin tabeliyində olan ümumtəhsil və sağlamlıq imkanları məhdud olan, axşam (qiyabi) təhsil müəssisələrində çalışan müəllimlərin maddi rifah halı yaxşılaşmışdır. Orta hesabla əməkhaqqı 35% artmış, 7760 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 466 nəfərmüəllimin əməkhaqqı isə 1000 manat məbləğindən yuxarı təşkil etmişdir. Aparılan əməkhaqqı islahatı nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı 421 manat olmaqla orta ölkə göstəricisindən geriləmə demək olar ki, aradan qaldırılmış və hal-hazırda bu fərq cəmi 6% təşkil etmişdir. Müqayisə üçün qeyd edilməlidir ki, 2014-cü ildə Bakı şəhərinin müəllimlərinin orta əməkhaqqısı 298 manat, orta ölkə göstəricisi 445 manat təşkil etmiş və beləliklə orta ölkə göstəricisindən geriləmə 33% təşkil etmişdir.

Onu da bildirmək istərdim ki, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədən keçməyən və yeni işə qəbul olunan müəllimlər üçün də qarşıdakı aylarda sınaq imtahanları təşkil ediləcəkdir.         

Sərəncama əsasən, hesabat ilində diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə artmaqla 18 saat təşkil etmişdir. Aparılan monitorinq əsasında BŞTİ- nin tabeliyində olan təhsil müəssisələrində çalışan müəllimlərin orta həftəlik dərs yükü hazırda 18.7 saat təşkil edir.

Son illərdə təhsil üzrə DS- na uyğun olaraq aparılan tədbirlər nəticəsində dərs yükünün optimallaşdırılması ilə yanaşı, şagird-müəllim nisbətində də əsaslı irəliləyişə nail olunmuş, bu göstərici 2012/2013-cü tədris ili ilə müqayisədə, 2014/2015-ci tədris ilində 10,8-dən 12-yə qədər yüksəlmişdir.

İnanıram ki, qarşıdakı illərdə bu dinamika qorunub saxlanılacaq və bu sahədə göstəriciləri beynəlxalq standartlara uyğunlaşdırmaq mümkün olacaqdır.

Stimullaşdırma tədbirləri ilə bağlı bir vacib məsələni də xatırlatmaq istərdim. Artıq bir neçə ildir ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinin IX sinif buraxılış imtahanlarının nəticələrinə əsaslanan reytinq siyahısı hazırlanır. Bu siyahı şagird nailiyyətlərinin dinamikasını izləmək və ayrı-ayrı məktəblərdə keyfiyyət göstəricilərinə nəzarət etmək imkanı yaradır. BŞTİ tərəfindən bu il ilk dəfə olaraq İdarənin büdcədənkənar gəlirləri hesabına bu reytinq siyahısında yüksək yer tutan 20 məktəb və davamlı olaraq nəticələri yaxşılaşan 10 məktəb rəhbərliyinə ümumilikdə 150 min manat məbləğinə yaxın mükafat verilmişdir.

                                     

Hörmətli konfrans iştirakçıları!                                                                      

Təhsil üzrə DS-yə uyğun olaraq müəllimlərin peşəkarlıq səviyyəsininin daim yüksəldilməsini təmin edən yeni mexanizmlərin tətbiqi sahəsində hesabat ilində BŞTİ-də müəyyən kardinal addımlar atılmış, bir sıra innovativ tədbirlər həyata keçirilmişdir. Belə ki, hesabat ilində sınaq qiymətləndirilmədə müəllimlərin ixtisasartırma təlimləri üzrə ehtiyacları müəyyənləşdirilmiş və pilot ixtisasartırma təlimləri təşkil edilmişdir.     2015-ci ilin I yarısında 10 ixtisas üzrə 352 müəllim ixtisas fənnindən 120 saat həcmində təlimlərə cəlb olunmuşdur. Bu təşəbbüs çərçivəsində BŞTİ tərəfindən ilk dəfə olaraq fərqli yanaşma tətbiq edildi. Kənar qurum tərəfindən müəllimlərin bilik və bacarıqlarının ilkin və yekun qiymətləndirilməsi aparılmış və nəticədə müdavimlərin nailiyyətlərinin təxminən 40% yüksəldiyi müşahidə edilmişdir.

Eyni yanaşma ilə 2015-ci ilin IV rübündə ixtisasartırma və peşəkar inkişafa ehtiyacı olan 2000 müəllimin təlimlərə cəlb olunması planlaşdırılır.         Hesabat ilində analoji yanaşma tətbiq olunmaqla “İnzibati-idarəetmə heyətləri və ibtidai sinif müəllimlərinin İKT üzrə savadlılığının artırılması” layihəsi də həyata keçirilmişdir. İKT üzrə biliklərin artırılması və baza biliyinin yoxlanılması məqsədilə 3320 müəllim, o cümlədən inzibati-idarəetmə heyəti üzvü və ibtidai sinif müəllimi ilkin qiymətləndirmədən keçirilmişdir. Seçilən 1300 ibtidai sinif müəllimi və 900 inzibati-idarəetmə heyəti təlimlərə cəlb olunmuşdur. Təlimlərdən keçən bütün heyətin yekun imtahan nəticələri bazaya yığılaraq təhlil edilmişdir. İlboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 2200 nəfərin arasında 853 nəfər ibtidai sinif müəllimi Prometan lövhə, 1546 nəfər kompüter ilə mükafatlandırılmışdır. Nəzərə alınmalıdır ki, bu hədiyyələr müəllimin istifadəsində olmaqla, eyni zamanda məktəbin əmlakı kimi qeydiyyata alınmalıdır. Hesab edirik ki, İKT avadanlıqlarının bu cür paylanması ən ədalətli bölgü olub, stimullaşdırıcı tədbir olmaqla daha səmərəli istifadəyə imkan verir.                     

Hörmətli konfrans iştirakçıları!                      

Hesabat ilində təhsil üzrə DS-də müəyyənləşdirilən hədəflərə uyğun olaraq məktəbi idarəetmə heyətinin müxtəlif təlimlərə cəlb olunması yolu ilə seçiminin aparılması, eləcə də müəllimlərin karyera inkişafına şərait yaradılması istiqamətində uğurlu layihələr gerçəkləşdirilmişdir.                                                                                 Nazirlik tərəfindən “Bu günün və sabahın direktorları” layihəsi çərçivəsində 2013/2014-cü tədris ilindən başlayaraq gələcəkdə məktəb direktoru vəzifəsində çalışmaq istəyən pedaqoji kadrlar üçün təşkil edilmiş təlimlər bu istiqamətdə görülən əsas işlərdən biridir. İlk təlimlər 2013/2014-cü tədris ilində təşkil edilmiş və çoxmərhələli seçim nəticəsində 15 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyinat almışdır. 2014/2015-ci tədris ilində Təhsil Nazirliyi ADİU, Qafqaz və Xəzər Universitetlərində analoji təlimləri yenidən təşkil etmişdir. Bu təlimlərdə 162 nəfər iştirak etmiş və çoxmərhələli seçim əsasında 24 nəfər ümumtəhsil müəssisəsinin direktoru vəzifəsinə təyinat almışdır. Bu da qeyd edilməlidir ki, son 2 ildə müsabiqə yolu ilə 79 nəfər yeni direktor müavini təyin edilmişdir.

Qeyd olunduğu kimi, TN-yi tərəfindən hazırlanmış metodologiyaya əsasən, Bakı şəhər məktəblərinin buraxılış imtahanlarının nəticələri 2013-cü ildən başlayaraq qiymətləndirilir, analitik təhlil aparılır. BŞTİ tərəfindən belə təhlillər əsasında son kadr təyinatları zamanı məktəb direktorlarının rotasiyasına dair təkliflər edilmiş və Təhsil Nazirinin müvafiq əmrinə əsasən 9 nəfər məktəb direktoru yeni təyinat almışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir, 2015/2016-cı tədris ilində rotasiya istiqamətində tədbirlər davam etdiriləcəkdir.

İnanıram ki, məktəb idarəçilərinin təlimi və seçimi sahəsində aparılan islahatlar ümumi təhsildə keyfiyyətin yüksəldilməsinə, idarəçilikdə peşəkarlığın artırılmasına və şəffaflığın təmin olunmasına öz töhfələrini verəcəkdir.

 

Hörmətli konfrans iştirakçıları!

         Bildiyiniz kimi, təhsildə keyfiyyətin yüksəldilməsində, yeni innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun təhsilalanlar tərəfindən səmərəli mənimsənilməsində müəllim amilinin rolu əvəzsizdir. Bu amili nəzərə alan TN son illərdə “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na uyğun olaraq müəllimlərin işə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir.

Hesabat dövründə BŞTİ tərəfindən TN-nin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqəyə ümumlikdə 644 vakant yer çıxarılmışdır. Təhlil göstərir ki, vakant yerlərin 375-iibtidai sinif müəllimi ixtisası üzrə olmuşdur. TN-nin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlardan (şəhərlərdən) 51 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilmişdir.

Müəllimlərin ölkədaxili yerdəyişmə müsabiqəsi və işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin I, II və III turları nəticəsində Bakı şəhərində vakant olan yerlərə 427 nəfər müəllim işə qəbul edilmişdir.

Bununla yanaşı, BŞTİ tərəfindən 2015-ci ilin aprel-may aylarında ümumtəhsil məktəblərində müəllimlərin şəhərdaxili yerdəyişməsi üzrə 2 mərhələli müsabiqə keçirilmişdir. Müsabiqədə iştirak edən 244 müəllimdənyekun nəticəyə əsasən 118 müəllimin iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilmişdir.

 

Hazırda BŞTİ-də növbəti illərdə kadr çatışmazlığı ilə üzləşə biləcəyimiz ixtisaslar təhlil edilir və qısa müddətdə qabaqlayıcı tədbirlər barədə təkliflər paketi TN-ə təqdim ediləcəkdir.

Hörmətli konfrans iştirakçıları!

Son illərdə idarəetmədə elektron xidmətlərdən istifadə cəmiyyətin sosial, iqtisadi və mədəni həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu mənada təhsil üzrə DS-nə uyğun olaraq BŞTİ tərəfindən təhsilin idarə olunmasında məlumat sistemləri və yeni hesabatvermə mexanizminin yaradılması, təhlil və proqnozlaşdırma sisteminin qurulması, təhsil müəssisələrində məlumat bazalarının formalaşdırılması və idarəetmədə onlardan istifadənin təmin olunması istiqamətində bir sıra mühüm addımlar atılmışdır.

Hesabat ilində BŞTİ-nin tabeliyində olan bütün təhsil müəssisələrinin işçilərinin əmək müqavilələrinin elektron qeydiyyatı sistemi qurulmuşdur. İndiyədək BŞTİ-nin tabeliyində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələri tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə əmək müqavilələrinin bağlanmasına dair 39775 ədəd bildiriş daxil edilmişdir. Hazırda baş verən hər hansı dəyişikliklər vaxtında sistemdə bu formatda qeydiyyata alınır. Həmin bazaya İdarə tərəfindən ciddi nəzarət mexanizmi yaradılmışdır.

Hesabat ilində BŞTİ-də eyni zamanda yeni elektron maliyyə-hesabatlığı sistemi də işlənib hazırlanmışdır. Belə ki, 2014/2015-ci tədris ilinin aprel ayından başlayaraq BŞTİ–də mərkəzləşdirilmiş mühasibatlıq və maliyyə sisteminin innovativ elektron hesablama üsuluna keçidə başlanılmışdır. Nəticədə 46.105 nəfər təhsil işçisinin elektron kadr uçotu yenidən aparılmış və bununla da tam şəffaf bir məlumat bazası yaradılmışdır. BŞTİ-nin tabeliyində olan təhsil müəssisələrində təhsil alan 300 min nəfərdən artıq şagird şəbəkəsi elektron üsulla proqrama daxil edilmiş, sağlamlıq imkanları məhdud 4276 nəfər uşağın elektron uçotu aparılmışdır.

Aparılan tədbirlər nəticəsində təhsil müəssisələrinin ötən tədris ilinin II yarımili üçün məktəblərdə dərs və saat bölgüsü, sinif komplektlərinin, şagird şəbəkəsi və pedaqoji işçilərin elektron üsulla düzgün, şəffaf hazırlanmış tarifləşməsi uğurla başa çatdırılmışdır.

Hesabat ilində I sinfə şagird qəbulunda da elektron xidmətdən istifadə olunmuşdur. Belə ki, Təhsil nazirinin “2015/2016-cı dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 27 fevral 2015-ci il tarixli əmrinə əsasən vətəndaş müraciətlərinə qanunauyğun və operativ baxılmasında, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın təmin olunmasında və şagird kontingentinin planlaşdırılmasında elektron xidmətlərin sayının genişləndirilməsi və səviyyəsinin yüksəldilməsi, habelə onlardan istifadə imkanlarının sadələşdirilməsi məqsədilə ilk dəfə olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də TN-nin bilavasitə tabeliyindəki lisey və gimnaziyalarda 2015/2016-cı dərs ili üçün I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilmişdir.

Cari ilin mart ayının 5-dən başlamış elektron qeydiyyat prosesi hazırda davam edir. Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılmış elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər bir inzibati rayonunda fəaliyyət göstərən alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılır. Bu vaxtadək ümumtəhsil məktəblərinə onlayn qeydiyyatdan 24634, məktəblərdə komissiyalarda 26562və alternativ komissiyalarda 958 nəfər olmaqla cəmi 52154valideyn qeydiyyatdan keçmişdir. Nəticədə sistemdə 43108uşağın I sinfə qəbulu üçün sorğu yerləşdirilmişdir.

Təhlil göstərir ki, I sinfə şagird qəbulunda elektron qeydiyyat sisteminin tətbiqi vətəndaşların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi ilə yanaşı, şagird yerlərinin və ya pedaqoji kadrların çatışmazlığı ilə bağlı problemləri vaxtında aşkar edib qabaqlayıcı tədbirlər həyata keçirmək imkanı yaradır.

I sinfə qəbulda elektron sistemin tətbiqinə başlanılması ilə paralel Bakı şəhər məktəblərinin saytları hazırlanaraq istifadəyə verilmişdir. Hazırda BŞTİ-yə tabe olan 319 təhsil müəssisəsində saytlar fəaliyyət göstərir. BŞTİ ictimaiyyətin ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanlarının genişləndirilməsi, vətəndaşlara seçim edərkən tam dolğun informasiya almasına şərait yaratmaq məqsədilə ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların vahid formada saytlarını istifadəyə vermişdir. Saytlar vasitəsilə məktəbin nailiyyətləri, rəhbərliyi və pedaqoji kollektivi haqqında, məktəbdə baş verən yeniliklər və keçirilmiş tədbirlər, məktəbin ünvanı, maddi-texniki bazası, əsas göstəriciləri, müəllim, şagird sayı, tədris olunan xarici dillər və s. barədə informasiya almaq mümkündür. Maraqlanan şəxslər www.bakimektebleri.edu.azportalına daxil olmaqla ayrı-ayrı məktəblərin saytları ilə tanış ola bilərlər.

Hörmətli konfrans iştirakçıları!

I sinfə qəbuldan söz düşmüşkən, bir vacib məsələyə də toxunmaq istərdim.

Ölkəmizdə uşaqların məktəbəqədər təhsillə əhatəliliyin səviyyəsi (Bakı şəhəri üzrə 27%) çox aşağıdır. Təhsil üzrə DS-də ölkə üzrə bu göstəricinin qarşıdakı illərdə orta Avropa göstəricisi səviyyəsinə çatdırılması əsas hədəf, məqsəd kimi qoyulmuşdur. Buna nail olmaq üçün isə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi və təchizatının yaxşılaşdırılması tələb olunur. TN bu sahədə irəliləyişə nail olmaq üçün ötən tədris ilində Bakı şəhərinin 87 ümumtəhsil müəssisəsində məktəbəhazırlıq qrupları yaradılması barədə qərar qəbul etmişdir. Bu qruplar uşaqların tədrisə hazırlıqlı başlamasına və ilkin bilikləri əldə etməsi məqsədlərinə xidmət edir. Ötən il həmin qrupları uğurla başa vuran 3006 nəfəruşaq müvafiq sertifikat almış və I siniflərə müsahibəsiz qəbul edilmişdir. Məktəbəhazırlıq kurslarını bitirən uşaqların məlumat bazası hazırlanmış və bu baza I sinfə qəbul üzrə məlumat bazası ilə inteqrasiya edilmişdir.

BŞTİ tərəfindən stimullaşdırıcı tədbir kimi həmin kursların təşkil olunduğu87 məktəbin direktor və proseslə bilavasitə məşğul olan müavinlərinə büdcədənkənar vəsait hesabına 75.442 manat məbləğində mükafat verilmişdir. Eyni zamanda həmin qruplarda məşğələ aparan 147 müəllimə il ərzində 355.790 manat məbləğində əməkhaqqı ödənilmişdir.

Hesabat ilində qazanılan bu müsbət təcrübənin növbəti tədris ilində də davam etdirilməsi və miqyasının genişləndirilməsi nəzərdə tutulmuşdur.

Hörmətli konfrans iştirakçıları!

Hesabat dövründə Bakı şəhər İH tərəfindən 12 təhsil müəssisəsi üçün 7048 şagird yerlik yeni bina, əlavə korpus və sinif otaqlarının tikintisi başa çatmışdır. Hazırda Bakı şəhər İH tərəfindən 5428 şagird yerlik 2 yeni məktəb, 10 məktəbdə əlavə korpus və sinif otaqlarının tikintisi, TN-nin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən isə 3000 şagird yerlik 1 məktəb binasının inşası davam etdirilməkdədir. Beləliklə, hesabat ilində inşası başa çatmış, yaxud başa çatdırılmamış bina, əlavə korpus və siniflərdə bütövlükdə 15476 şagird yeri yaradılacaqdır.

Bundan əlavə, Bakı şəhər İH tərəfindən 36 təhsil müəssisəsinin əsaslı təmiri işləri, TN-nin ƏTTİ tərəfindən 109 məktəbdə cari təmir, 6 məktəbdə kommunal-kommunikasiya və 4 məktəbdə abadlıq işləri başa çatmışdır.

Son illərdə ölkədə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində şagirdlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Bununla yanaşı, Bakıda meqapolisin inkişaf istiqamətlərinin bir sıra hallarda mövcud məktəb şəbəkəsinin imkanları ilə üst-üstə düşməməsi halları da müşahidə edilir. Belə ki, şəhərimizin müxtəlif yaşayış massivlərində qeyri-bərabər məskunlaşma nəticəsində Binə, Binəqədi və Sulutəpə kimi yaşayış qəsəbələrində şəbəkədə həddən artıq sıxlıq yaranmışdır. Bu il elektron vasitələrlə I sinfə qəbul prosesi Bakıda problemli ərazilərin müəyyənləşdirilməsinə imkan yaratdı. Təhlil göstərir ki, məktəbə qəbulla əlaqədar BŞTİ və TN-ə müraciətlərin böyük əksəriyyəti məhz həmin ərazilərlə bağlıdır. Yaxın günlərdə məktəbə qəbul kampaniyası başa çatdıqda, bu istiqamətdə müvafiq təkliflər təqdim ediləcəkdir.

BŞTİ-də hazırda mövcud məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir. Bu günlərdə 133 nömrəli məktəb “Elitar” Gimnaziya, 150 nömrəli məktəb isə 6 nömrəli məktəb-liseylə birləşdirilmiş, 28 nömrəli məktəbin şagird-müəllim kontingenti 44 nömrəli məktəbə köçürülmüşdür.

Düşünürəm ki, şəbəkənin rasionallaşdırılması işi qarşıdakı illərdə də davam etdirilməlidir.

Hörmətli konfrans iştirakçıları!

Hesabat ilində BŞTİ-də müxtəlif istiqamətli inkişafyönümlü bir sıra milli və beynəlxalq

layihələr icra olunmağa başlamış, yaxud mövcud layihələrin əhatə dairəsi genişləndirilmişdir. İcazənizlə, həmin layihələrdən bir neçəsiylə Sizləri də tanış etmək istərdim.

Dövlət Strategiyasında nəzərdə tutulmuş hədəflərə nail olunması istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bir çox layihələr Bakı şəhərində fəaliyyət göstərən məktəblərdə sınaqdan keçirilmişdir. Keçən tədris ilində ilk dəfə olaraq beynəlxalq təcrübəyə əsasən 2 ümumi təhsil müəssisəsində əhatəli məktəb inspeksiyaları 24 məktəbdə isə çevik inspeksiyalar aparılmışdır.

Valideynlərin təhsil prosesinə cəlb edilməsi istiqamətində həyata keçirilən layihə çərçivəsində ölkə üzrə seçilmiş 54 pilot məktəbdən 34-ü Bakı şəhərində fəaliyyət göstərir. Bunlardan əlavə, UNİCEF-lə əməkdaşlıqda “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi”, eləcə də “İbtidai sinif müəllimləri üçün TƏMƏL” və “ Mütaliə mədəniyyətinin və oxuma motivasiyanın yüksəldilməsi” layihələri həyata keçirilmişdir. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sağlam təhsil-sağlam millət” layihəsinin əhatəliliyi genişləndirilmiş və pilot müəssisələrin sayı 34-ə, siniflərin sayı isə 50-yə çatdırılmışdır.

Düşünürəm ki, burada adı çəkilən layihələr ümumtəhsildə keyfiyyətin yüksəldilməsinə, təhsilalanların sağlamlığının qorunmasına, valideynlərin təhsil prosesinə aktiv cəlb olunmasına, şagirdlərin idrak və mütaliə-nitq mədəniyyətinin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Hörmətli konfrans iştirakçıları!

Hesabat dövründə BŞTİ-nin tabeliyində olan 46 məktəbdənkənar təhsil müəssisəsinə metodiki köməklik göstərilmiş, bu müəssisələrə rəhbərlik və nəzarət funksiyası həyata keçirilmişdir.Məktəbdənkənar təhsil müəssisələrində 2862 dərnəkdə 34776 uşaq məşğul olmuş, məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq mərkəzləri və idman məktəblərində dərnək, klub və studiyalara cəlbi, təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

Yaradıcılıq mərkəzləri və idman məktəblərində məşğul olan yetirmələrimiz şahmat, dama, sərbəst güləş, sambo, karate, taekvondo, cüdo, qılıncoynatma, ağır atletika idman növləri, texniki və bədii yaradıcılıq üzrə beynəlxalq və respublika yarışlarında 139 qızıl, 99 gümüş, 129 bürünc olmaqla cəmi 367 medal qazanmışlar.

 

Hesabat dövründə BŞTİ-yə 7829 vətəndaş müraciət etmiş, onların müraciətləri ətraflı araşdırılmış, vətəndaşların qəbulu işinin səmərəli təşkili təmin edilmişdir. Vətəndaşların BŞTİ-də qəbulu ilə yanaşı, idarə rəhbərliyi tərəfindən Bakı şəhərinin 12 inzibati rayonu üzrə 670 vətəndaşın səyyar qəbulu həyata keçirilmişdir.

 

Hörmətli konfrans iştirakçıları!

Deyilənlər göstərir ki, hesabat dövründə BŞTİ-nin fəaliyyət planına uyğun olaraq təhsil üzrə DS-də nəzərdə tutulan strateji istiqamət və hədəflərə çatmaq istiqamətində müxtəlif inkişafyönümlü layihələrin icrası təmin edilmişdir.

Hesab edirəm ki, görülən işlər təhsil üzrə DS-nın Fəaliyyət Planında nəzərdə tutulan genişmiqyaslı islahatlara bir növ hazırlıq mərhələsi kimi dəyərləndirilməlidir. Bizi qarşıda daha böyük və məsuliyyətli işlər gözləyir. Azərbaycan təhsilinin gələcəyi Sizdən, bizdən, hamımızdan asılıdır.

İnanıram ki, Azərbaycan təhsilinin öncül dəstəsi olan Bakı şəhəri təhsil işçiləri təhsil üzrə DS-də qarşıya qoyulan tarixi vəzifələrin gerçəkləşdirilməsində əllərindən gələni əsirgəməyəcək, həmin tarixi sənəddə təsbit olunan hədəflərə çatmaqla ölkəmizdə müasir təhsil sisteminin qurulması kimi tarixi zəfərə imza atacaqlar. Bu yolda hamınıza, hamımıza uğurlar diləyirəm.

Diqqətinizə görə sağ olun!