01.03.2016

Uşaqların I sinfə elektron sistem vasitəsilə qəbulu başladı

Bu gündən etibarən Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfinə şagird qəbulu başlamışdır.

Qeyd edək ki, uşaqların I sinfə qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin sistemdə qeydiyyatı bu gündən başlayaraq sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən istifadəçilər üçün 2016-2017-ci tədris ilində elektron sistem vasitəsilə  uşaqların I sinfə şagird qəbulu barədə video təlimat hazırlanmışdır.

Eyni zamanda, BŞTİ-nin rəsmi Facebook səhifəsində 1-11 mart tarixlərində I sinfə qəbulla bağlı suallar cavablandırılacaqdır.

 

Video təlimat

 

I sinfə elektron qəbul qaydaları

 

Ən çox verilən suallar

 

Sual: Qəbul müsabiqə əsasında aparılan müəssisələrin, lisey və gimnaziyaların bir neçəsinə sorğu yerləşdirmək mümkündürmü?

Cavab: Ümumtəhsil məktəblərindən fərqli olaraq yalnız ikisinə sorğu yerləşdirmək mümkündür.

 

Sual: Müsabiqənin nəticələrinə görə, lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçə bilərlərmi?

Cavab: Bəli.

 

Sual: Sual yarandıqda hara müraciət etmək olar?

Cavab: Qeydiyyatla əlaqədar rayon ərazisində fəaliyyət göstərən alternativ komissiyaya; bütün digər hallarda rayon ərazisində fəaliyyət göstərən apelyasiya komissiyasına.

 

Sual: Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?

Cavab: Bəli. Bunun üçün o, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir.

 

Sual: Eyni zamanda bir neçə məktəb seçmək mümkündürmü?

Cavab: Xeyr. Valideynə yalnız bir məktəb seçib sorğu yerləşdirmək hüququ verilir.

 

Sual: Elektron ünvan olmadan qeydiyyatdan keçmək mümkündürmü?

Cavab: Bəli. Qeydiyyatdan mobil telefon nömrəsi ilə keçmək mümkündür.

 

Sual: Elektron sistemlə istifadəçi arasında hansı əlaqə vasitələrindən istifadə edilir?

Cavab: Mobil telefon və ya elektron ünvanı.

 

Sual: Alternativ sənəd qəbulu komissiyaları harada təşkil olunacaqdır?

Cavab: Nəsimi rayonu - 16 THL, Səbail rayonu - 7, Nizami rayonu - 238, Yasamal rayonu - 18, Nərimanov rayonu - 34, Xətai rayonu - 194, Sabunçu rayonu - 96, Suraxanı rayonu - 114, Qaradağ rayonu - 139, Xəzər rayonu - 26, Pirallahı rayonu - 235, Binəqədi rayonu - 276 nömrəli məktəblərdə aparılacaq.

 

Sual: Hansı sənədlə qeydiyyat ancaq BŞTİ tərəfindən aparılır?

Cavab: Diplomatik pasport.

 

Sual: Məktəb uşağı hansı sənədlərlə qeydiyyatdan keçirə bilər?

Cavab: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikası doğum haqqında şəhadətnamə (yalnız uşaqlar üçün); Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi; BMT QAK-ın himayə sənədi; Xarici pasport; Xarici ölkə vətandaşının doğum haqqında şəhadətnaməsi (yalnız uşaqlar üçün).

 

Sual: Valideyn uşağı hansı sənədlərlə onlayn qaydada qeydiyyatdan keçirə bilər?

Cavab: - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikası doğum haqqında şəhadətnamə (yalnız uşaqlar üçün); Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi;  BMT QAK-ın himayə sənədi.

 

Sual: Uşaq hansı halda məktəbə qəbul olunmaya bilər?

Cavab: Şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda.

 

Sual: Evdə təhsil hüququ olan uşağın I sinfə elektron sənəd qəbulu necə həyata keçirilir?

Cavab: Elektron qeydiyyat və məktəbə sənəd qəbulu ümumi qaydada aparılacaqdır. “Evdə təhsilin təşkili Qaydaları”nın tələblərinə riayət edilməklə uşaq psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən evdə təhsilə cəlb ediləcək.

 

Sual: Evdə təhsil hüququ olan uşağın I sinfə elektron sənəd qəbulu necə həyata keçirilir?

Cavab: Elektron qeydiyyat və məktəbə sənəd qəbulu ümumi qaydada aparılacaqdır. “Evdə təhsilin təşkili Qaydaları”nın tələblərinə riayət edilməklə uşaq psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən evdə təhsilə cəlb ediləcək.

 

Sual: Yaşı 8-dən yuxarı olan uşağın I sinfə qəbulu mümkündürmü?

Cavab: Bəli. Hər təqvim ilinin sonunadək 8 yaşı tamam olan uşaqlar I sinifə qəbul edilirlər. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

 

Sual: Uşaqların yerləşdirilməsi necə həyata keçirilir?

Cavab: Məktəbdə fəaliyyət göstərən şagird qəbulu üzrə işçi qrupdan müsbət rəy aldıqdan sonra.

 

Sual: Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat nə vaxt aparılır?

Cavab: Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat martın 1-dən aprelin 5-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcəkdir.

 

Sual: 6 yaşı tamam olmayan uşaq Komissiyada müsahibədən keçməzsə, haraya və nə zaman müraciət edə bilər?

Cavab: Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən Komissiyaya 6 yaşı tamam olmayan uşaqların müsahibəsi başa çatdıqdan sonra müraciət edə bilər.

 

Sual: 6 yaşı tamam olmayan uşaqlar hansı hallarda müsabiqədənkənar qəbul edilə bilər?

Cavab: Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər.

 

Sual: 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu hansı əsaslarla və nə vaxt aparılır?

Cavab: Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nin təsdiq edilməsi barədə 17 iyul 2013-cü il tarixli, 739 nömrəli əmrin 3-cü bəndinə əsasən hər il 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olacaq uşaqlar müsahibəyə cəlb edilirlər. Həmin əmrin 8-ci bəndinə əsasən müsahibə komissiyaları rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilməlidir.

 

Sual: 6 yaşı tamam olmayan uşaqların qeydiyyatı hansı müddətlərdə aparılır?

Cavab: 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaqdır.

Sual: Xarici ölkə vətəndaşının qeydiyyatı necə aparılır?

 

Cavab: Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya xidmətindən aldığı icazə vəsiqəsi əsasında.

 

Sual: Məktəblərin seçimi hansı qaydada aparılır?

Cavab: Valideyn (digər qanuni nümayəndə) uşağının təhsil almasını arzu etdiyi məktəbi müəyyənləşdirməli və elektron sistemdə onu siyahıya daxil etməlidir.

 

Sual: Valideyn (digər qanuni nümayəndə) şagird qəbulu üzrə işçi qrupa aşağıdakı sənədləri təqdim etməlidir:

Cavab: Valideyn (digər qanuni nümayəndə) şagird qəbulu üzrə işçi qrupa aşağıdakı sənədləri təqdim etməlidir: - Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti (uşağın doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların işləri üzrə Ali Komissarlığının Himayə Sənədi); -uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U); -2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil; -məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər varsa); -valideynin (digər qanuni nümayəndənin) “Şəxsi Kabinet”indən çap olunmuş "Ərizə"

 

Sual: Elektron ərizənin qeydiyyatı harada aparıla bilər?

Cavab: Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq qeydiyyat komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ komissiya tərəfindən aparıla bilər.

 

Sual: Elektron sistemdən istifadə ödənişlidirmi?

Cavab: Xeyr, elektron sənəd qəbulu sistemindən istifadə üçün valideynlərdən (digər qanuni nümayəndələrdən) heç bir ödəniş tələb olunmur.

 

Sual: Elektron sistemin tətbiqi mövcud qaydalarda hansı dəyişiklikləri nəzərdə tutur?

Cavab: Ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.

 

Sual: I sinfə elektron sənəd qəbulu hansı sayt vasitəsi ilə aparılacaqdır?

Cavab: Elektron sənəd qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcəkdir.

 

Sual: Elektron sistem hansı zərurətdən tətbiq edilir?

Cavab: I sinfə elektron sənəd qəbulunun tətbiqi təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlər dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. Müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə yalnız xidmət edir.

 

Sual: Uşaqların I sinfə qəbulunun qanunvericilik əsasları

Cavab: Uşaqların I sinfə qəbulu “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na və digər hüquqi normativ aktlara əsasən həyata keçirilir.


Açar sözlər: ,  ,  ,