07.05.2014

“Ekoerudit” breyn - rinq yarışının Bakı zona mərhələsi keçirilib

“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsi və məktəblilərin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə keçirilən “Ekoerudit”breyn - rinq yarışında Bakı məktəbliləri də uğurla iştirak etmişlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən şəhərin 12 rayonu üzrə hər rayondan bir qalib komanda olmaqla, ümumilikdə 12 komanda Bakı zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.

2 may 2014 - cü il tarixində 164 saylı tam orta məktəbdə “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq  yarışının Bakı zona mərhələsi keçirilib. Birinci ekorinqdə 6 cütlük (“Günəş” - “Təbiətin dostları”, “Neftçi” - “Eko balans”, “Eko” - “Gənc təbiətçilər”, “Erudit” - “Azəri ekoloqlar”, “Rezonans” -“Defenders”,  “Səma” – “Eko Piramida”), ikinci ekorinqdə isə 3 cütlük (“Erudit”-“Defenders”, “Rezonans” - “Təbiətin dostları”,  “Azəri ekoloqlar” - “Eko Piramida”) yarışmışdır. Komanda üzvləri suallara həm yazılı, həm də şifahi şəkildə cavab vermişlər.

“Ekoerudit” məktəblilərin ekoloji breyn - rinq yarışının Bakı zona mərhələsində daha fəal iştirak etdiklərinə görə Bakı şəhəri 318 saylı tam orta məktəbin “Azəri ekoloqlar” komandası I, 58 saylı tam orta məktəbin “Eko Piramida”komandası II, 61 saylı tam orta məktəbin “Rezonans” komandası isə III yerlərin qalibi olmuşlar. I, II, III yerlərin sahibləri respublika mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Sonda qaliblərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplomları və hədiyyələr təqdim edilmişdir.