Sual Uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Cavab: Ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu www.mektebeqebul.edu.az portalı vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.

Sual: Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər?
Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər.

Sual: Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir?
Cavab: Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Sual: Qəbul prosesi hansı tarixdən başlanılır?
Cavab: Cavab: Uşaqların birinci siniflərə elektron qəbulu prosesinin tarixləri və ardıcıllıqları aşağıda qeyd olunan qaydada təşkil olunacaq:
• 27 aprel 2021-ci il saat 11:00-da birinci sinfə qəbul elektron xidmətində şagird qeydiyyatının açılması;
• 29 aprel 2021-ci il saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat;
• 29 aprel 2021-ci il saat 11:00-dan etibarən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat;
• 8 iyun 2021-ci il saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir;
• 4 may tarixindən 14 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin təşkili;
• 22 may tarixindən 19 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılması;
• 24 iyun 2021-ci il saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul üçün müsahibədən uğurla keçən uşaqlara valideynləri tərəfindən məktəb seçimi ilə bağlı sorğuların yerləşdirilməsi və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi istisna olmaqla) tədris rus dilində aparılan birinci siniflərinə qəbulla bağlı xidməti ərazi üzrə uşaqların məktəb seçimi;
• 24 iyun 2021-ci il saat 11:00-da Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı (ərazidə yaşamayanlar üçün) müsabiqəyə yazılma (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla);
• 2 iyul 2021-ci il saat 18:00-da Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə qəbulla bağlı müsabiqəyə (həm tədris digər dillərdə aparılan bölmə üzrə, həm də Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin Azərbaycan bölməsi üzrə) yazılmaq üçün qeydiyyat bitir;
• 12 iyul 2021-ci il saat 18:00-da Təhsil Nazirliyinin birbaşa tabeliyində olan, rus bölməsi üzrə birinci sinfə ərazi üzrə qəbul aparılan ümumi təhsil müəssisələrinə məktəb seçimi üçün qeydiyyat bitir.
• 5 iyul tarixindən 15 iyul tarixinədək Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələrin keçirilməsi;
• 19 iyul tarixindən 14 sentyabr tarixinədək Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə prioritetlər üzrə məktəb seçimi etmiş və müsabiqədən uğurla keçən şagirdlər üçün müəllim seçiminin başlaması;
• 14 sentyabr 2021-ci il tarixdə birinci sinfə qəbulla bağlı elektron qeydiyyatın başa çatması.

Sual: Tədris digər dillərdə aparılan I siniflərə qəbul hansı qaydada həyata keçirilir?
Cavab: Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında aparılır.

Sual: Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi məktəbinə qəbul hansı qaydada həyata keçirilir?
Cavab: Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi məktəbinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir. Qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.

Sual: Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi məktəbi istisna olmaqla) qeydiyyat necə aparılır?
Cavab: Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, tədris digər dildə aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Övladı müsahibədən uğur qazanmış valideyn “Ərazi üzrə” bölməsini seçib müvafiq liseyə sorğu yerləşdirə bilər. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələr 5 iyul tarixindən 15 iyul tarixinədək keçiriləcək.

Sual: Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbulu hansı qaydada həyata keçirilir?
Cavab: Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün sistemdə həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu yerləşdiriləcək; Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların valideynləri (qanuni nümayəndə) isə aprel ayının 29-dan etibarən şəxsi kabinetinə daxil olmalı, komissiyanı, müsahibənin keçirilmə tarixi və saatını seçərək övladının müsahibəyə yazılmasını təmin etməlidir. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistemdə həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu yerləşdiriləcək.

Sual: Tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr hansı formada keçiriləcək?
Cavab: COVID-19 pandemiyasına görə ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu nəzərə alınaraq müsahibələr ancaq onlayn formada təşkil olunacaq.

Sual: Müsahibə zamanı uşaqlara hansı meyarlar üzrə suallar verilir?
Cavab: Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilir. Müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) yoxlanılır.

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat valideynə nə zaman və necə bildiriləcək?
Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 3 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

Sual: Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq?
Cavab: Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi üzrə məktəb seçimi edərərk sorğu yerləşdirə bilərlər.

Sual: Elektron sistemdə müsahibəyə yazılma mərhələsi hansı tarixdə yekunlaşacaq?
Cavab: Elektron sistemdə tədris digər dillərdə aparılan bölmə üzrə müsahibəyə yazılma mərhələsi 8 iyun 2021-ci il tarixdə saat 18:00-da bitir.

Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə birinci sinfə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?
Cavab: Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir (ərizələrin məktəbə təqdim edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək).

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hara müraciət edə bilər?
Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə valideyn (qanuni nümayəndə) 15 may tarixindən 12 iyun tarixinədək ərizə ilə yaşadığı ərazi üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarə) müraciət edə bilər. Müraciətlər ümumiləşdirildikdən sonra Təhsil Nazirliyində məsələ ilə bağlı yaradılmış komissiya tərəfindən baxılaraq müvafiq qərar qəbul ediləcək.

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə və valideyn məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etdikdə uşağın yenidən müsahibədə iştirakı təmin ediləcəkmi?
Cavab: Müsahibənin nəticələrindən narazı olan valideynlərin övladları üçün yenidən müsahibə təşkil olunmayacaq. Apellyasiya komissiyası tərəfindən müsahibə zamanı aparılmış videoçəkilişə baxılaraq müvafiq qərar qəbul ediləcək.

Sual: Lisey və ya gimnaziyaların müəyyənləşdirilmiş mikroərazisində qeydiyyatlı yaşamayan valideynlərin övladının tədrisi digər dillərdə aparılan bölmələrinə qəbulu hansı qaydada aparılır?
Cavab: Şifahi nitq bacarıqlarının yoxlanılması üzrə müsahibədən uğur qazandıqları təqdirdə lisey və gimnaziyalara müsabiqəyə yazılırlar.

Sual: Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilə bilərmi?
Cavab: Bəli, uşaq tədrisi digər dildə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda, həmin lisey və gimnaziyalarda boş qalan yerlərə yalnız Azərbaycan bölməsi üzrə sorğu yerləşdirə bilər.

Sual: Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və ya gimnaziyalara qəbulu mümkündürmü?
Cavab: Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin lisey və ya gimnaziyanın müəyyən edilmiş ərazisinə uyğun deyilsə, uşağın bacı və qardaşlarından biri həmin lisey və ya gimnaziyada təhsil almırsa və ya valideynlərdən (qanuni nümayəndə) biri həmin lisey və ya gimnaziyada işləmirsə “Növbə” bölməsini seçərək növbəyə yazıla bilər. Tədrisi digər dildə aparılan bölmə seçildiyi halda isə müsabiqəyə yazıla bilər.

Sual: Müsabiqənin nəticələrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərmi?
Cavab: Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi məqbul hesab edildiyi halda ümumtəhsil məktəblərinin tədris digər dildə aparılan bölməsini seçib sorğu yerləşdirmək mümkündür. Əks halda valideynə yalnız Azərbaycan bölməsini seçib sorğu yerləşdirmək imkanı verilir.

Sual: I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?
Cavab: Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:
• valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan;
• valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən;
• bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan.

Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilər və ya başqa məktəb seçimi edə bilməz?
Cavab: Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa məktəb seçimi etmək olar.

Sual: I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Cavab: Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:
• Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;
• Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
• xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
• digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; • uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil; • valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.

Sual: Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?
Cavab: Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Sual: Yaşı 8-dən yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?
Cavab: Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.07.2021-ci il tarixindən yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidir.

Sual: Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Cavab: Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün www.mektebeqebul.edu.az portalında qeydiyyatından keçdikdən sonra beş iş günü müddətində valideyn (digər qanuni nümayəndə) aşağıdakı sənədləri yaşayış yeri üzrə yerli təhsili idarəetmə orqanına təqdim edir:
1. valideynin (digər qanuni nümayəndənin) himayəsində olan xüsusi təhsilə ehtiyacı olan övladının psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsindən keçirilməsi üçün razılıq ərizəsi;
2. valideynin (digər qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin surəti;
3. uşağın şəxsiyyət vəsiqəsinin surəti;
4. uşağın xəstəliyi ilə bağlı yaşayış yeri üzrə xidmət göstərən poliklinikanın baş həkimi tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış (forma 27U);
5. yaşayış yerindən arayış. - Psixoloji-tibbi-pedaqoji komissiya müayinə sənədlərini qəbul edərək on gün ərzində uşağın müayinə olunacağı günü təyin edir.
- Psixoloji-tibbi-pedaqoji komissiya bir ay müddətində xüsusi təhsilə ehtiyacı olan uşağın müayinəsini keçirir, uşağın məhdudiyyətlərinə və imkanlarına əsaslanaraq təhsilinin təşkilinə dair qərar qəbul ediir. Qərar, müayinə sənədlərinin surəti və komissiyanın uşağın inkişafının qiymətləndirməsinin nəticələri onun təhsil alacağı təhsil müəssisəsinə göndərilir.

Sual: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəb seçimi necə həyata keçirilir?
Cavab: Sağlamlıq imkanı məhdud uşaqların xüsusi təhsilə cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yerli təhsili idarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir. Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşağın cəlb olunacağı xüsusi təhsilin təşkili formasını, tədris olunacaq proqramı və təhsil alacağı təhsil müəssisəsini müəyyənləşdirir. Qanunvericiliyin tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağın yönləndirildiyi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində valideynlərin və ya uşağın digər qanuni nümayəndələrin iştirak hüququ vardır. Xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

Sual: Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?
Cavab: İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər.

Sual: Uşağın təhsil alacağı məktəbə yerləşdirilməsi prosesi tam olaraq hansı halda başa çatmış hesab olunur?
Cavab: Valideyn (qanuni nümayəndə) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edir, müəssisə tərəfindən sənədlər yoxlanılır və sənədlərdə uyğunsuzluq və ya səhv olmadığı halda uşağın məktəbə qəbulu başa çatmış hesab olunur.

Sual: Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?
Cavab: Yeni tədris ilinin ilk günü övladını məktəbə gətirməlidir.