26.08.2019

Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat saat 12:00-da başlayacaq

Avqustun 26-dan saat 12:00-da məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. 

Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.

Ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 2-27 sentyabr tarixlərində (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək. 

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. 

Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (https://mektebeqebul.edu.az/az/) və ya məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər.
Xüsusən Bakı şəhərində yaşayan valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, onlayn qeydiyyat prosesinin təxminən 1 ay davam etdiyini nəzərə alaraq tələsməsinlər.

Bu il bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb.

Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi haqqında daha ətraflı məlumat veriləcəkdir.


 

2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

SUAL-CAVAB

Alternativ Qeydiyyat Mərkəzləri