“Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” - BŞTİ ilə AzEduAz Təhsil Portalının ortaq layihəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və AzEduAz Təhsil Portalı tərəfindən məktəb direktorları üçün “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsi həyata keçirilir.
Layihə mövcud pandemiya şəraiti ilə əlaqədar ənənəvi tədrisin qismən bərpa edildiyi dövrdə məktəblərin fəaliyyətinin təşkili ilə bağlı görülən işləri əhatə edir.
Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə məktəb direktorlarının tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair pedaqoq və idarəedici kimi praktik təcrübəsini, müvafiq təklif və tövsiyələrini bölüşmək, həmçinin məktəb kollektivi, şagird və valideynlərin mövcud vəziyyətdə davranış qaydaları ilə bağlı münasibətini ictimailəşdirməkdən ibarətdir.
Məktəb direktorları layihə çərçivəsində yeni tədris mühitində ümumi təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinin icrası çərçivəsində həyata keçirilən işlərə dair məqalələrlə çıxış edir.
Məqalələrdə distant təhsil, məktəblərdə gigiyenik tələblərin tətbiqi vəziyyəti, məktəbdaxili davranış qaydaları, şagirdlərin maarifləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və yaradıcılıq qabiliyyətlərinin inkişafı barədə müvafiq yanaşmalar təqdim edilir.